Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub
11 Aprel 2012 Çərşənbə 14:30
Bu barədə prezident İlham Əliyevin sərəncam imzalayıb
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni təyinatlar olub. APA-nın məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavinləri təyin ediliblər.

Prezidentin sərəncamı ilə hər iki şəxsə general hərbi rütbəsi verilib.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Xatırladaq ki, Arzu Rəhimov buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

Bir müddət əvvəl isə keçmiş hərbi komissarlıq işçilərinin hamısı sərəncama göndərilib.
Ümraniye Evden eve nakliye